NATO-nunbaş katibi Yens Stoltenberq Azərbaycan və Ermənistan liderləri arasında dialoqun bərpasını yüksək qiymətləndirib, onları bu yolu davam etdirməyə çağırıb.
“Biz bu gün Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə etdik. Dağlıq Qarabağda həll olunmayan münaqişə bizi narahat edir. Burada hərbi yolla həllin olmadığı aydındır, və NATO (onun həllində - İF) bilavasitə rol oynamır”, - Y.Stoltenberq bu gün Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
Baş katibin sözlərinə görə, Şimali Atlantika Alyansı “ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir”.
“Sizin və Ermənistan prezidenti arasında dialoqun bərpa olunduğunu duymaq məni sevindirir. Biz sizi danışıqlar yolunu davam etdirməyə və yeni gərginliklərdən yayınmağa çağırırıq”, - Y.Stoltenberq qeyd edib.