Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayat iki ölkənin Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Müdafiə Nazirliyinin məlumatına görə, bu gün Z.Həsənov Bakıda Z.M.Hayatı qəbul edib.
“Görüşdə təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb”, - məlumatda deyilir.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. “Z.Həsənov bu münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinə görə minnətdarlığını bildirib”, - məlumatda qeyd olunur.
Nazir vurğulayıb ki, Azərbaycan da Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. **
F.İsazadə