Prezident İlham Əliyev Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılacağını gözləyir.
Noyabrın 23-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində prezident İlham Əliyevin ukraynalı həmkarı Petro Poroşenko ilə görüşü olub.
“İ.Əliyev ümidvar olduğunu bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılacaq və bunun üçün yaxşı potensial mövcuddur”, - deyə dövlət başçısının saytında məlumat verilir.
O, P.Poroşenkonun Azərbaycana səfərini xatırladaraq, bu səfərdən ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın həyata keçirildiyini və yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.
Prezident P.Poroşenko İ.Əliyevə Ukrayna-Azərbaycan dostluq münasibətlərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
“Prezident İ.Əliyevlə Davosda və Bakıda keçirdikləri görüşləri məmnunluqla xatırlayan P.Poroşenko həmin görüşlər zamanı əldə edilən razılaşmaların reallaşdırılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə