“AzerGold” QSC 2019-cu ilin oktyabr ayında Filizçay polimetal yatağının (Azərbaycanın şimal-qərbində) işlənməsinə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Filizçay yatağında geoloji kəşfiyyat və tədqiqatlar mərhələsi artıq başa çatıb, ortamüddətli perspektivdə onun istifadəyə verilməsinə hazırlıq işlərinə başlanılıb. Xüsusilə, 2018-ci ilin yanvar ayınadək texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması, 2019-cu ilin sentyabr ayınadək layihələndirmə, təchizat və inşaat işlərinin yekunlaşdırılması və 2019-cu ilin oktyabr ayında istehsal prosesinə başlanması planlaşdırılır. Hazırda yatağın yaxın gələcəkdə istismarı üçün hazırlıq işlərinə başlanılıb”, - şirkətdən qeyd ediblər.
Məlumata əsasən, ehtiyatlarının həcminə Filizçay yatağı Avropada ikinci sayılaraq, dünya polimetal yataqlarının ilk 10-na daxildir. Yatağın ehtiyatları 1967 və 1983-cü illərdə keçmiş SSRİ-nın Mərkəzi Ehtiyatlar Komissiyası tərəfindən təsdiq edilib.
“Yatağın ehtiyatları 120 mln tondan artıqdır. Mis, sink, qurğuşun kimi metalların toplam miqdarı 6-8% təşkil edir, qızılın və gümüşün orta tutumları uyğun olaraq 0,65 və 50g/t təşkil edir. Həmçinin, bu yatağın filizlərinin tərkibində kadmium, bismut, selenium, tellur kimi nadir metallar da mövcuddur. Layihələndirilməsi nəzərdə tutulan dağ-mədən kompleksinin resurslarının Filizçayı 50 il təmin edə biləcək xammal bazasına malikdir”, - şirkətdən qeyd ediblər.
Hazırda Azərbaycanda perspektivliyi birmənalı şəkildə təsdiq olunan 3 polimetal və mis filizi mədəni var. **
N.Abbasova