Əfqanıstan hərbi kontingentin artırılması planlarına görə Azərbaycana minnətdardır. Bunu Əfqanıstanın Bakıdakı səfiri Məhəmməd Tağı Xəlili deyib.
“Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdə Azərbaycanın Əfqanıstanda hərbi kontingenti artıracağını bəyan edib. Bu bizi sevindirir və bu qərar görə Azərbaycana minnətdarlığımızı bildiririk”, - M.T.Xəlili bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu qərar “Azərbaycanın Əfqanıstanda sülhün bərqərar olmasında maraqlı olmasının” sübutudur.
Öncə İ.Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdə bildirib ki, Azərbaycan Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirak edən kontinqentinin sayını artıracaq. “Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbiçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir.Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq”, - İ.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. **
R.Babayev