Vergilər Nazirliyi “Forte Fashion” və “Forte kids” adlı geyim mağazalarında qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi faktları aşkar edib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Vergilər Nazirliyi uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə paytaxtın Yasamal və Xətai rayonlarında vergi orqanlarında operativ vergi nəzarəti tədbirləri həyata keçirib”, – deyə məlumatda bildirilir.
Həmin tədbirlər zamanı “Forte Fashion” və “Forte kids” adlı geyim mağazalarında vergi orqanında uçota alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi faktları aşkar olunub.
"Aparılmış vergi nəzarəti tədbirləri zamanı “Forte kids” və “Forte fashion” əmtəə nişanı adı altında 5 obyektdən 4-də qanunsuz sahibkarlıq fəaliyyəti göstərildiyi, həmin obyektlərin ümumi sahəsinin 700 kv. metr, uçotdan gizlədilmiş malların dəyərinin 729 266 manat, əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş fiziki şəxslərin sayının isə 15 nəfər olduğu müəyyən edilərək, aşkarlanmış faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb”, - deyə məlumatda bildirilir.*
A.Əzizov