Çərşənbə axşamı prezident İlham Əliyev Tərtərdə məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Yaşayış kompleksi 1170 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. 2007-ci ildən etibarən ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi prosesinə başlanıb.
Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 mlrd. manat vəsait sərf olunub. Qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 mln. kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.İndiyədək 50 mindən çox ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib.Sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 mln. manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 mln. manat güzəştli kredit verilib.
Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı layihələrinə yönəldilib.Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib.Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75%-dən 12%-dək azalıb. **
B.Rüstəmbəyov