“SOCAR GPC” şirkəti Bakının Qaradağ rayonunda yeni qaz emalı və neft-kimya kompleksinin (GPC) tikintisi layihəsi ilə bağlı yekun investisiya qərarını 2018-ci ilin may-iyun aylarında qəbul etməyi planlaşdırır. Bunu şirkətin baş direktorunun müavini Fuad Əhmədov deyib.
"Biz GPC kompleksinin tikintisi layihəsinə dair yekun maliyyə və investisiya qərarını 2018-ci ilin may-iyun aylarında qəbul etməyi nəzərdə tuturuq. Layihənin dəyəri təxminən $4,2 mlrd. təşkil edir. “China Development Bank”ın layihənin əsas kreditoru olacağı gözlənilir", - deyə o, bu gün "Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası" konfransında bildirib.
F.Əhmədov layihənin mümkün kreditoru kimi “Eximbank”ı (Çin), potensial investor kimi isə “Silk Road Bank”ı qeyd edib.
"Hazırda ilkin layihələndirmə (FEED, Front End Engineering and Design) davam edir və bununla bağlı işlər 40% yerinə yetirilib. Marketinq araşdırmaları da həyata keçirilib, kompleksin tikintisi üçün 250 ha torpaq sahəsi ayrılıb. Kompleksin fəaliyyətindən $800 mln. - $1,2 mlrd. gəlir əldə olunacağı gözlənilir", - deyə müavin vurğulayıb.
Onun sözlərinə görə, layihənin əsas məqsədi təbii qazın məişətdə istifadə üçün təmizlənməsi və təbii qazın qaz kimyası üçün yararlı olan ağır fraksiyalarının (С2+) monetizasiyasından ibarətdir.
F.Əhmədov izah edib ki, С2+ fraksiyasının bir hissəsi polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üçün xammal kimi GPC kompleksindən Sumqayıta göndəriləcək.
Qaz Emalı Zavodunun illik gücü təxminən 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə, həmçinin 600 min ton polietilen və 130 min ton yüksək sıxlıqlı propilen istehsal olunacaq.*
N.Abbasova