Cari ilin noyabr ayından etibarən «SOCAR Methanol» MMC əsaslı təmirə dayandırılıb. Bu barədə şirkətin baş direktoru Elnur Mustafayev məlumat verib.
“Bu il Azərbaycan Metanol Zavodunda istyehsalat prosesi 7 ay davam edib. Bu dövr ərzində 265 min ton metanol istehsal olunub. Bu planlaşdırılan göstəricidən 6% çoxdur. Planlara əsasən, gələcək illərdə daha yüksək məhsuldarlıq əldə etmək məqsədilə hazırda zavod əsaslı təmir olunur”, - E.Mustafayev bu gün Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası" konfransında vurğulayıb.
Onun sözlərinə görə, zavodun təmirə dayandırılmasına baxmayaraq, “SOCAR Methanol” mövcud ehtiyatlardan hazır məhsulların reallaşdırılmasını davam etdirir. “Təmir nəticəsində zavodu 350 günlük əməliyyat fəaliyyətinə keçirməyi ümid edirik. Müəssisəni hər il deyil, iki ildə bir dəfə əsaslı təmirə dayandırılmasını planlaşdırırıq. Bundan başqa, 10 min kubmetr qazdan 920 tn metanol əldə edərək, metanolda təbii qazın konvertasiya səviyyəsini 1,09 səviyyəsinə çatdırmağı ümid edirik”, - E.Mustafayev bildirib.
Bundan əlavə, şirkət əsaslı təmir nəticəsində zavodun istehsal gücünü 90%-dək artırmağı və EBITA üzrə marjanın ən azı 20%-ni təmin etməyi planlaşdırır.
“Gələcək bir neçə ilə əsas vəzifələrimizə zavodun istehsal etdiyi məhsulların 5%-nin tədarük edildiyi daxili bazarın inkişafı daxildir”, - E.Mustafayev vurğulayıb.
Öncə o məlumat verib ki, zavodda əsaslı təmir işləri 4 ay - 2017-ci ilin noyabr ayından 2018-ci ilin fevral ayına qədər davam edəcək. **
N.Abbasova