Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Atrabank” ASC-nin İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin fəaliyyətində maliyyə maxinasiyaları aşkar edib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Hazırda “Atrabank”ın ləğvetmə prosesi davam edir.
“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində E.Nəbiyevin qanunsuz əməlləri barədə Əmanətlərin Siğortalanması Fondundan daxil olmuş materiallar araşdırılıb”, - məlumatda deyilir.
Xüsusilə, E.Nəbiyev faktiki movcud olmayan maliyyə vəsaitləri üzrə özünün iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil edib onların adlarına 6 mln.705,6 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.
“E.Nəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, bank sahəsində qüvvədə olan qanunvericiliyi, o cümlədən Mərkəzi Bankın İdarə Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının müəyyən edilməsi haqqında qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılmasına yönəltməyi ümid edib”, - məlumatda vurğulanır.
E.Nəbiyevin qeyd edilən hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. **
A.Əzizov