Bakı, Ankara və İslamabad öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğulayırlar. Bu barədə Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda cümə axşamı keçirilən ilk üçtərəfli görüşün yekunlarına dair qəbul olunmuş Bakı Bəyannaməsində bildirilir.
“Öz ərazilərimizdən bir-biriminə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini bəyan edirik”, - Azərbaycan XİN-in yaydığı sənəddə deyilir.
O cümlədən, nazirlər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi vurğulayıblar.
Üç ölkənin nazirləri ölkələrinin yerləşdiyi müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınayıblar.
“münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb edirik”, - Bakı Bəyannaməsində qeyd edilir. **
R.Babayev