BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz boru kəməri magistralı (Bakı-Tbilisi-Ərzurum) layihələrindəki tərəfdaşları Azərbaycanda kənd icmalarında arıçılığın, bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafına dəstək verən “Şirin qızıl” layihəsinin həyata keçirilməsinə 3,3 mln. manat ayıracaq.
«2017-ci ilin mart ayında bu sahədə 18 icmanı əhatə edən layihənin uğurla həyata keçirilməsi ilə əlaqədar “Şirin qızıl” layihəsinin həyata keçirilməsinə qərar verilib”, – deyə şirkətin nümayəndələri bu gün layihənin təqdimatında bildiriblər.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons çıxışı zamanı qeyd edib ki, sözügedən layihə Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı üzrə səylərinə dəstəkdir və kənd icmalarının gəlirlərinin artmasına və yeni bacarıqların əldə olunmasına yönəlib.
BP-nin məlumatına görə, bu günədək pilot layihə çərçivəsində Yevlax, Samux və Şəmkir rayonlarının kəndlərində 100 arıçılıq müəssisəsi fəaliyyətə başlayıb. Layihə çərçivəsində hər bir təsərrüfat 15 arı pətəyi, 10 arı ailəsi və digər zəruri avadanlıqla təmin olunub.
Layihənin ikinci fazası bu sahəyə sosial investisiyaların artırılmasını nəzərdə tutur və 2020-ci ilədək davam edəcək.
Bu faza çərçivəsindəYevlax, Samux, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında əlavə 600 arıçı yetişdiriləcək. Bundan başqa, layihə çərçivəsində bal arısı xəstəliklərinin idarə olunması və balın keyfiyyətini yaxşılaşdırmaq üçün Dövlət Aqrar Universitetində ixtisaslaşmış laboratoriya yaradılacaq, bal arıları üçün nektar mənbəyi olacaq 60 min ağac əkiləcək, arıçılıq sahəsində əlavə 3 kitab çap ediləcək, Gəncə-Qazax iqtisadi rayonunun nektar xəritəsi hazırlanacaq.
Layihənin dəyəri 3,3 mln. manatdır, bunun 400 min manatı pilot layihənin, 12,9 mln. manatı isə layihənin ikinci fazasının dəyəridir.
Layihə “Puls-R” şirkəti tərəfindən həyata keçirilir.*
N.Abbasova