Azərbaycan 2020-ci ildən sonra bal ixracını əhəmiyyətli dərəcədə artırmaq imkanına malik olacaq. Kənd təsərrüfatı naziri Heydər Əsədov belə hesab edir.
«Bu gün dünyada ildə 1,5 mln. ton bal istehsal olunur ki, bu da tələbata uyğundur. Lakin ekspertlərin hesablamalarına görə, 2020-ci ildən sonra istehlakın ildə 2,5 mln. tonadək artacağı gözlənilir. Bu, Azərbaycan balının dünya bazarındakı payının artırılması üçün əlverişli imkanlar yaradacaq», - deyə nazir bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycan 6 ton bal ixrac edib. Bal satışından $8-8,5 min/ton gəlir əldə olunub. «Dünya bazarında Azərbaycan balının qiyməti digər ölkələrin istehsalçılarının məhsulundan bir qədər bahadır, çünki bizim balımız tərkibinə görə fərqlənir və daha təbiidir (bu bal ekoloji təmiz ərazidə ekoloji təmiz xammaldan alınır - İF)», - deyə H.Əsədov qeyd edib.
O əlavə edib ki, hazırda ölkədə 6 min nəfər arıçılıqla məşğul olur və 3 min arı ailəsi var. «Gələcəkdə arıxanaların və arı ailələrinin sayının artırılması planlaşdırılır ki, bu da Azərbaycanda bal istehsalının artmasına gətirib çıxaracaq», - deyə nazir vurğulayıb.
2016-cı ildə respublikada 2,7 min tondan çox bal istehsal olunub.*
B.Rüstəmbəyov