Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsi ÜDM-nin 1,3%-i səviyyəsində kəsirlə təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, ilkin variantla müqayisədə dövlət büdcəsinin xərcləri bir qədər artırılıb.
Gələn ilin dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat (2017-ci ilin proqnozu ilə müqayisədə artım 20%), xərcləri 21 mlrd. 47 mln. manat (artım 17,3%) məbləğində təsdiqlənib.
Bütövlükdə, əlavə xərclər 141,3 mln. manat təşkil edəcək.
Nazirin sözlərinə görə, əlavə vəsaitlər bir sıra sosial xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
2018-ci ildən eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə başlanılması planlaşdırılır və bunun üçün 4 mln. manat ayrılacaq.
Bundan başqa, siyasi partiyalar üçün dövlət büdcəsindən ayrılan vəsait500 min manatartırılaraq 3,1 mln. manata çatdırılacaq. Büdcədən qeyri-hökumət təşkilatlarına ayrılan vəsaitin də 600 min manat artırılaraq 5,6 mln. manata çatdırılması nəzərdə tutulur.
Parlamentin ehtiyacları üçün əlavə 1,2 mln. manat ayrılacaq.
S.Şərifov əlavə edib ki, əvvəlcə bəzi təşkilatlar üzrə xərclər nəzərdə tutulmamışdı. Lakin prezidentin tapşırıqları əsasında bunun üçün 3,8 mln. manat vəsaitin ayrılması qərara alınıb. Bura Energetika Nazirliyinin müəyyən xərclərinin, Azərbaycanın Polşadakı ticarət nümayəndəliyinin fəaliyyətinin, Bakıda sahibsiz heyvanların müdafiəsinin maliyyələşdirilməsi aiddir.
Beləliklə, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin kəsiri 920 mln. manat və ya ÜDM-in 1,3%-i səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin strukturunda Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 9 mlrd. 216 mln. manat və ya bütün büdcə gəlirlərinin 45,8%-i həcmində nəzərdə tutulub.
Gələn il üçün ƏDV üzrə daxilolmalar 4 mlrd. 288 mln. manat, mənfəət vergisi üzrə daxilolmalar 2 mlrd. 320 mln. manat, fiziki şəxslərin gəlir vergisindən 1 mlrd. 196 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat məbləğində vəsaitin daxil olacağı proqnozlaşdırılır.
2018-ci il dövlət büdcəsi xərclərinin strukturunda müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 2 mlrd. 197,182 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat yönəldiləcək. Gələn il üçün əsaslı kapital qoyuluşları 4 mlrd. 924,2 mln. manat məbləğində nəzərdə tutulub.*
A.Əzizov