ABŞ Əfqanıstanda təhlükəsizlik və sabitliyin təminatında Azərbaycanın rolu və töhfəsini yüksək qiymətləndirir. Bunu ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib.
“Birləşmiş Ştatlar Azərbaycanın “Asiyanın Qəlbi” - İstanbul Prosesi”ndəki vacib rolunu alqışlayırlar”, - R.Sekuta “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən VIII Nazirlər Konfransı çərçivəsində jurnalistlərə bildirib.
Diplomat xatırladıb ki, Azərbaycan sülhməramlıları “Amerika və NATO qüvvələri ilə çiyin-çiyinə” Əfqanıstanda xidmət edirlər.
“ABŞ regionda sülh və təhlükəsizliyin dəstəklənməsi məsələsində Azərbaycanın töhfəsini yüksək qiymətləndirir. Bu prosesin irəliləməsində Azərbaycan prezidenti İlham Əliyevin töhfəsini qeyd etmək istərdim”, - səfir vurğulayıb.
“Azərbaycan həm Əfqanıstanda, həm də daha geniş regionda təhlükəsizlik və sabitliyin təminatında daha mühüm rol oynamağa hazırlığını nümayiş etdirir”, - diplomat əlavə edib.
R.Sekutanın sözlərinə görə, ABŞ bu prosesə digər ölkələrin də qoşulmasını gözləyir. **
F.İsazadə