2018-ci ildə Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlılarının sayının artırılması planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
«Gələn ilin I rübündən Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlılarının sayının artırılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır: “Verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübündə həyata keçirilməsi planlaşdırılır”.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.*
F.İsazadə