Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Progress-Sığorta Agentliyi” MMC-nin lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb. Bu barədə palatanın məlumatında deyilir.
MBNP tərəfindən aparılmış yoxlama zamanı cəmiyyətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamış, işçilərinin attestasiyadan keçirilməsi təmin olunmamışdır”, - deyə məlumatda bildirilir.
Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1-ci (106.1.7, 106.1.10) maddəsini rəhbər tutaraq “Progress-Sığorta Agentliyi” MMC-nin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb. Həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacaq.*
A.Əzizov