“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 500 mln. manat təşkil edəcək.
Dekabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edib.
Cəmiyyətin səhmlərinin nominal dəyəri 1 manat olan 500 mln. ədəd səhmdən ibarətdir. Səhmlər dövlətə məxsusdur.
Cəmiyyətin idarəetmə orqanı səhmdarların Ümumi Yığıncağıdır.
Korporasiyanın idarəedilməsi məqsədilə Müşahidə Şurası yaradılır. Şura 5 üzvdən ibarətdir. Şuranın sədrini və digər 4 üzvünü Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Bundan əlavə, Korporasiyanın cari fəaliyyəti Baş direktora həvalə edilir.
Xəbər verildiyi kimi, 6 noyabr 2017-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASK ASC) yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. **
A.Əzizov