Çərşənbə axşamı Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Dekabrın 5-də Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Nümayəndə heyətləri plenar açılış iclasında geniş tərkibdə iştirak ediblər. İclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub. Daha sonra iclas yardımçı işçi qruplarda davam edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, dekabrın 7-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.
“Hərbi dialoq çərçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2018-ci il üçün fəaliyyət planı razılaşdırılacaq”, - məlumatda qeyd edilir.
İclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgencidir.
Azərbaycan-Türkiyə IX Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankarada keçirilib. **
F.İsazadə