“Bahar Energy Operating Company Limited” (BEOC, Greenfields Petroleum Corporation şirkətinin 100%-lik törəməsi) SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə “Bahar” təbii qaz yatağında dərin qaz quyularının qazılması üçün birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Bu barədə “Greenfields Petroleum Corporation”dan məlumat verilib.
“30 noyabr 2017-ci il tarixində BEOC və Kompleks Qazma İşləri Tresti “Bahar” təbii qaz yatağında dərin qaz quyularının qazılması üçün birgə əməkdaşlığa dair eksklüziv anlaşma memorandumu imzalayıblar. Memoranduma əsasən, “BEOC” və Kompleks Qazma İşləri Tresti birgə qazma əməliyyatlarının beynəlxalq standartlara uyğun həyata keçirilməsini təmin etmək üçün bərpa edilən “BH 196” dəniz platformasını birgə yoxlayacaq. Kompleks Qazma İşləri Tresti dərin quyular üçün layihə və qazma planını hazırlayacaq. Həmçinin 18 min metr dərinliyə (5486,4 metr - İF-Az) quyuları qazmaq üçün yerlər seçiləcək”, - məlumatda qeyd edilir.
“Greenfields Petroleum”un məlumatına görə, “Bahar Energy” artıq ətraf sütunları, borular daxil olmaqla, quyuların ilkin qazma mərhələsi üçün maddi vəsaitləri artıq əldə edib. Tərəflər “Bahar”da həyata keçiriləcək qazma işlərinə dəstək olmaq üçün 2018-ci ilin əvvəllərində yekun inkişaf planını təklif etməyi planlaşdırırlar. Planların reallaşdırılmasına gələn il ərzində başlanacaq.
“Bahar Energy” dərin quyuların qazılması ilə “Bahar” yatağının ÜstQırməki lay dəstəsinin dərin çənlərindən qaz hasilatını bərpa etməyi planlaşdırır. 1988-ci ilədək burada ÜstQırməki lay dəstəsinə qədər 12 quyu qazılıb və ümumilikdə 12 mln. kub fut həcmində sutkalıq hasilat halında 113 mlrd. kub fut qaz hasil olunub. Lakin, həmin quyulardan heç biri hazırda bərpa edilmir. Bu səbəbdən BEOC Trest ilə tərəfdaşlıqda yeni quyular qazmağı planlaşdırır”, - məlumatda qeyd edilir.
“Bahar Energy”nin qiymətləndirmələrinə əsasən, ÜstQırməki lay dəstəsinin çənlərində 200 mlrd. kub fut qaz saxlanılır.
Məlumatda qeyd edilir ki, SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Bulla-Dəniz” yatağında dərin qaz quyularının qazılması təcrübəsinə malikdir. Xüsusilə, 2017-ci ildə 78 saylı quyunun qazılması başa çatdırılaraq sutkalıq 17 mln. kub futa yaxın qaz və təxminən 1 min barrel kondensat ilə istismara verilib. **
N.Abbasova