Azərbaycan vətəndaşlarının 81%-i hökumətə etibar edir. Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb.
“Azərbaycan vətəndaşlarının 81%-i hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45%-nin, Milli Məclis isə 65%-nin etibarını doğruldur”, - deyə AZƏRTAC informasiya agentliyi ING-nin məruzəsinə istinadən məlumat verib.
Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.
Məruzəyə əsasən vətəndaşların 80%-ə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83%-ə yaxını nikbinliklə baxır.
Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub.
“2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9% proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır”, - deyə sənəddə qeyd olunur.
Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər.
Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2% ətrafında dəyişib.
Araşdırmanın sifarişçisi Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramıdır.*
F.İsazadə