Azərbaycan hökuməti “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”ni təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Əsasnaməyə əsasən, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabineti nəzdində fəaliyyət göstərəck. Şuranın fəaliyyəti ictimai əsasda həyata keçiriləcək.
Şuranın əsas vəzifələri bunlardır: ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmitexniki proqramların həyata keçirilməsinə nəzarəti təmin etmək, onların nəticələrinin və səmərəliliyinin yüksəldilməsini təmin etmək.
Həmçinin Şuranın fəaliyyətinə elmi-texniki tərəqqinin yeni istiqamətlərini müəyyən etmək və onların həyata keçirilməsi üçün elmi zəmin yaratmaq, elmi-texniki və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasını təşkil etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə köməklik göstərmək daxildir.
Şuranın tərkibi 15 nəfərdən ibarət olacaq. Şuranın iclasları ildə ən azı iki dəfə keçirilməlidir. **
R.Babayev