Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Silahlı QüvvələrininBaş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgenci ilə görüşündə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri müzakirə olunub.
Çərşənbə günü Z.Həsənov Bakıda Y.Türkgencini qəbul edib.
“Tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətlərini müzakirə ediblər”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunur ki, Z.Həsənov və Y.Türkgenci hər iki ölkənin Silahlı Qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübələrin öyrənilməsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər. **
F.İsazadə