Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (AGİ) prezidenti seçilib.
F.Qayıbov 2013-cü ildən AGİ-nin vitse-prezidenti olub.
"Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsi çox çətin və məsuliyyətli işdir. Biz Avropa gimnastikasının səviyyəsini yüksəltməyə çalışacağıq", - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
Baş katib qeyd edib ki, AGİ gimnastikanın səkkiz növünü birləşdirir ki, bunun da dördü olimpiya idman növləridir.
"Son 15 ildə Azərbaycanda gimnastika böyük inkişaf yolu keçib, böyük nailiyyətlər var. AGİ-nin prezidenti seçilməyimlə əlaqədar mən Milli Gimnastika Federasiyasının baş katibi səlahiyyətlərini kənara qoyuram", - deyə F.Qayıbov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyasının yeni baş katibi bu ilin sonuna kimi seçiləcək.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AGF-nin vitse-prezidenti Altay Həsənov Azərbaycan nümayəndəsinin AGİ-nin prezidenti seçilməsini "ölkənin idman həyatında böyük tarixi hadisə" adlandırıblar.
"Ölkəmiz dəfələrlə müxtəlif beynəlxalq idman təşkilatlarında təmsil olunub, amma Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi tarixi hadisədir. Belə hadisə ilk dəfədir baş verir", - deyə Ç.Hüseynzadə bildirib.
O vurğulayıb ki, Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsi F.Qayıbovun üzərinə böyük məsuliyyət qoyur.
"Avropa dünya idmanının əsas tərkib hissəsinin cəmləşdiyi kontinentdir. Statistikaya görə, Olimpiya Oyunlarında medalların 50%-ni Avropa idmançıları qazanır. Gimnastikada bu göstərici 90% təşkil edir", - deyə MOK-un vitse-prezidenti qeyd edib.
"Azərbaycan nümayəndəsinin AGİ-nin prezidenti seçilməsi Azərbaycanda gimnastikanın uğurlu inkişafının göstəricisidir", - deyə A.Həsənov bildirib.*
R.Babayev