Gürcüstan hüquq-mühafizə orqanları əməkdaşları Bakı-Tbilisi-Qars dəmir yolu magistralının Marabda-Kartsaxi hissəsində mütəşəkkil oğurluqda ittiham olunan üç nəfəri saxlayıblar. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə Ninotsminda şəhərinə yaxın ərazidə baş verib. İttiham olunan şəxslər Marabda-Kartsaxi hissəsində dəmir yolu relslərinin məxsus olduğu “Demiriol servis” şirkətində çalışıblar.
“Oğurlanan relslər hüquq-mühafizə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb”, - məlumatda deyilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin maddədə 4-7 il azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. **