“Respublika Alternativi” hərəkatının (ReAl) lideri İlqar Məmmədov cəzasının qalan hissəsindən azad oluna bilər. Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Norvuz Məmmədov belə hesab edir.
“2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər”, - deyə o bildirib.
Prezidentin köməkçisi son zamanlar Qərb və Avropada müəyyən dairələrin Azərbaycana təzyiq göstərməsi ilə əlaqədar ölkə ictimaiyyətinin narahatlığını diqqətə çatdırıb.
"Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İ.Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi”, - deyə N.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, İ.Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki,Avropa Şurasının baş katibi Turbern Yaqlandın yuxusuna haram qatıb: "O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir”, - deyə şöbə müdiri vurğulayıb.*
R.Babayev