Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüş zamanı Bakı ilə Brüssel arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan XİN-in məlumatına görə, görüş Vyanada ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü illik çərçivəsində baş tutub.
“E.Məmmədyarov və T.Klaar Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparıblar. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsində hazırda danışıqlar aparılan strateji tərəfdaşlıq sazişinin əhəmiyyətini qeyd ediblər”, - məlumatda deyilir.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Vyanada keçirilmiş son görüş barəsində T.Klaarı məlumatlandırıb.
“Nazir münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib. O, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb”, - məlumatda vurğulanır.
Həmçinin E.Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkib və Azərbaycanın bu qəbildən olan təmasları dəstəklədiyini nəzərə çatdırıb. **
F.İsazadə