Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətləri 2016-cı ildə dövlət büdcəsinə $258,8 mln. məbləğində mənfəət vergisi ödəyib.
Azərbaycan Mədən HasilatındaŞəffaflıq Təşəbbüsünə (MHŞT) üzvlükdən çıxdıqdan sonra hökumətin Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə dərc olunmuş birinci hesabatına əsasən 2016-cı ildə 15 xarici şirkət tərəfindən dövlət büdcəsinə mənfəət vergisi ödənilib.
Hesabat ilində böyük məbləğdə mənfəət vergisi - $94,4 mln. BP şirkəti tərəfindən ödənilib.
Mənfəət vergisinin əsas ödəyiciləri arasında Yaponiyanın “Inpex” ($44,7 mln.), Amerikanın “Chevron” ($23,8 mln.) və “ExxonMobil” ($19,2 mln.) şirkətləri də var.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində iştirak edən 9 şirkət ümumilikdə $253,3 mln., qalan 6 şirkət $5,5 mln. məbləğində mənfəət vergisi ödəyib.
Bundan başqa, 2016-cı ildə “AzGerneft” (0,3 mln. manat) və “Zenith Aran Oil Company limited” (4,8 mln. manat) şirkətləri tərəfindən də Azərbaycanın dövlət büdcəsinə mənfəət vergisi ödənişi həyata keçirilib.
Hesabata əsasən “Zenith Aran Oil Company limited” ötən il dövlət büdcəsinə mədən vergisi üzrə 108,7 mln. manat, ƏDV üzrə 68,4 mln. manat, əmlak vergisi üzrə 73,8 mln. manat, torpaq vergisi üzrə 31,1 mln. manat, sair vergilər üzrə 174,9 mln. manat ödəyib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.*
A.Əzizov