Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Bolqarıstan və Rumıniyanın Azərbaycandakı səfirləri ilə turizm sahəsində əməkdaşlığın inkişafı məsələsini müzakirə edib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.
Bolqarıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yankiev ilə görüşdə qeyd olunub ki, Azərbaycana gələn turistlərin sayının artırılması məqsədi ilə 2018-ci ilin 16 yanvar tarixində birbaşa aviareyslər açılacaq. Həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsi də müzakirə edilib.
Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə keçirilən görüşdə Azərbaycan və Rumıniya arasında turizm üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və qarşılıqlı turist axınının genişləndirilməsi məqsədilə turizm üzrə birgə komissiyanın yaradılması, birbaşa aviareyslərin açılması imkanlarına qarşılıqlı şəkildə baxılması təklif edilib. Görüşdə əldə olunan razılığa əsasən daha rahat və iqtisadi cəhətdən səmərəli olacaq Bakı-Sofiya-Buxarest aviareyslərinin açılması məsələsi nəzərdən keçiriləcək.*
F.İsazadə