Azərbaycan qazaxıstanlı investorları sənaye parkları və aqroparklarda layihələr həyata keçirməyə dəvət edib.
Belə təkliflə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox, Qazaxıstanda isə 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. İkitərəfli siyasi-iqtisadi əlaqələr uğurla inkişaf edir, ticarət dövriyyəsində artım müşahidə olunur. “Bununla belə, potensial daha böyükdür və bundan səmərəli istifadə olunmalıdır”, - deyə nazir vurğulayıb.
Ş.Mustafayev nəqliyyat, tranzit və yükdaşımalar sahəsində əməkdaşlıq imkanlarının böyük olduğunu qeyd edərək, limanlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev tranzit və yükdaşımalar, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Qeyd olunub ki, maşınqayırma sahəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə görüşlərin təşkili əhəmiyyətlidir.*
B.Rüstəmbəyov