Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2018-ci ildə əhaliyə pensiya ödənişlərinə ÜDM-nin 4,9%-i məbləğində vəsait yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
"DSMF-nin 2018-ci il büdcəsində əhaliyə pensiya ödənişləri 3 mlrd. 407 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2017-ci ildə gözlənilən faktiki göstəricidən 9% çoxdur", - deyə məlumatda bildirilir.
2018-ci ildə əhaliyə pensiya ödənişlərinə ÜDM-nin 4,9%-nə bərabər məbləğ yönəldiləcək. 2010-cu ildə bu göstərici 3,9%, 2014-cü ildə 4,6%, 2017-ci ildə 4,8% təşkil edib.
"Gələn il respublikada orta aylıq pensiya 3,6% artaraq 216,5 manat (cari məzənnə ilə $127 – İF) təşkil edəcək, 2017-ci ildə bu rəqəm 208,9 manata bərabər olub. 2018-ci ilin sonuna Azərbaycanda pensiyaçıların ümumi sayının 2017-ci ilin sonuna olan 1 mln. 311 min nəfərə qarşı 1 mln. 304,1 min nəfər olacağı proqnozlaşdırılır", - deyə məlumatda qeyd olunur.*
A.Əzizov