Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və kommersiya banklar arasında qeyri-işlək aktivlərin restrukturizasiyası ilə bağlı kollektiv sazişin bağlanması məsələsi üzrə müzakirələrə başlayır. Bu barədə tənzimləyicinin məlumatında qeyd olunur.
MBNP, Azərbaycan Banklar Assosiasiyası (ABA) və bankların nümayəndələrinin iştirakı ilə "Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması" sərlövhəli tədbirin icrası üzrə "Bakı yanaşması"nın təqdimatı olub.
"Bakı yanaşması" əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə bankların balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası və bu çərçivədə ABA, MBNP və prosesdə iştirak etmək niyyətində olan banklar arasında kollektiv sazişin bağlanılmasını nəzərdə tutur. Sazişin əsas məqsədi hüquqi şəxslər, banklar və aidiyyəti şəxslər arasında razılaşma əldə edilməklə itkilərin azaldılması və hələ də sağlamlaşma imkanı olan bizneslərin lüzumsuz iflasının qarşısının alınmasıdır.
“Görüş iştirakçıları borcların restrukturizasiyası ilə bağlı qərarları qəbul ediblər. Nəticədə, bu çərçivədə kollektiv sazişin bağlanması məqsədilə danışıqlara başlanılması və bankların və Palatanın nümayəndələrindən ibarət tərkibdə işçi qrupunun yaradılması qərara alınıb”, - məlumatda vurğulanır. **
A.Əzizov