Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 2 mlrd. 383 mln. 400,01 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-noyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə 2 mlrd. 56 mln. 660,31 min manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, bu ilin yanvar-noyabr ayları ərzində DGK tərəfindən dövlət büdcəsinə köçürmələrin həcmi 15,9% artıb.
2017-ci ilin 11 ayı ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 640 mln. 339,54 min manat, aksizlər üzrə 78 mln. 248,7 min manat, yol vergisi üzrə 31 mln. 842,63 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 632 mln. 969,14 min manat məbləğində olub.
2017-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mlrd. 250 mln. manat həcmində müəyyən edilib.**
A.Əzizov