Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Yerevan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokolları 2018-ci ilin yazına qədər ləğv edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yunanıstan XİN-də çıxış edən E.Nalbandyan xatırladıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi 2008-ci ilin payızında Ermənistan prezidentinin təşəbbüsü ilə başlayıb. Nəticədə 2009-cu ilin oktyabrında Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri tərəfindən diplomatik münasibətlərin qurulması və münasibətlərin inkişaf etdirilməsi haqqında protokollar imzalanıb. Bu protokollar iki ölkənin parlamentləri tərəfindən təsdiqlənməli idi.
"Bu sənədlər indiyədək təsdiqlənməyib, çünki Türkiyə protokolların ruhuna zidd olan əsassız ilkin şərtlər irəli sürüb. Sentyabrda Ermənistan prezidenti bəyan edib ki, erməni tərəfi protokolları etibarsız elan edəcək, çünki onların reallaşdırılması istiqamətində hər hansı bir müsbət irəliləyiş yoxdur və biz 2018-ci ilin yazını bu protokollarsız qarşılayacağıq", - deyə erməni nazir qeyd edib.
Ermənistan prezidenti Serj Sarkisyan sentyabrda Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxış edərək bildirib ki, Yerevan Ermənistan və Türkiyə arasında imzalanmış protokolları ləğv etməyə hazırdır.
"Əgər Türkiyə rəhbərliyi düşünürsə ki, bu sənədləri özünə münasib olan vaxtda təsdiq edə bilər, yanılır. İrəliləyiş olmayacağı təqdirdə Ermənistan bu protokolları ləğv olunmuş elan edəcək. Biz 2018-ci ilin yazını bu protokollarsız qarşılayacağıq", - deyə o vurğulayıb.*