2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 30 mlrd. 862,8 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 15 mlrd. 623,8 mln. manat (2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 1,9%), qeyri-ərzaq mallarının alınmasına 15 mlrd. 239 mln. manat (artım 2,7%) sərf olunub.
Cari ilin yanvar-noyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 46%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 18,4%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova