ABŞ prezidenti Donald Trampın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı Fələstin-İsrail münaqişəsinin nizama salınması işinə mənfi təsir edəcək. Bunu prezident İlham Əliyev deyib.
“ABŞ prezidenti Donald Trampın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”, - deyə o, bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. “2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır”, - deyə prezident vurğulayıb.
Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və Birləşmiş Ştatların səfirliyinin Tel-Əvivdən bu şəhərə köçürülməsi ilə bağlı qərarını açıqlayıb.*
A.Əzizov