Kənd Təsərrüfatı Nazirliyi pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlərlə 2018-ci ildə xam pambığın alış qiymətinin artırılmasına dair razılıq əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyində “MKT İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş keçirilib.
“Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib. Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırımasına dair razılıq əldə edilib”, - nazirlikdən bildirilib.
Razılığa əsasən, 2018-ci ildə 1-ci növ pambığın bir tonunun alış qiyməti 500 manardan 600 manatadək, 2-ci növ - 470 manatdan 580 manatadək, 3-cü növ - 440 manatdan 540 manatadək, 4-cü növ - 400 manatdan 500 manatadək artırılacaq. **
B.Rüstəmbəyov