2017-ci ildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 296 nəfər xilas edilib. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
“Hesabat dövründə çimərliklərdə nəzarət olunan ərazilərdə 145 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində isə batma təhlükəsi ilə üzləşən 151 nəfər xilas edilib”, - K.Heydərov nazirliyin yaradılmasının 12-ci ildönümü münasibətilə keçirilən genişləndirilmiş kollegiya iclasında bildirib.
O həmçinin qeyd edib ki, respublikada göl və çaylarda 47 nəfər batıb. Onların hamısı nəzarət olunmayan qeyri-çimərlik ərazilərində boğulublar. “Nəzarət olunan ərazilərdə suda boğulma faktı qeydə alınmayıb”, nazir vurğulayıb.
K.Heydərov qeyd edib ki, hesabat dövründə 3,9 mindən çox mənzil və fərdi evdə yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkar edilib. “Həmin nöqsanların aradan qaldırılması üçün qaz istismar idarələrinə məlumat verilib”, - o bildirib. **
F.İsazadə