Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2017-ci ildə Azərbaycanda həyata keçirilən layihələrə 444 mln. avro məbləğində vəsait ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ildə AYİB respublikada 9 layihənin reallaşdırılmasına 63 mln. avro yönəldib. Beləliklə, bu il maliyyələşmənin həcmi 7 dəfə artıb.
"2017-ci ilin əvvəlindən AYİB Azərbaycanda 5 layihənin maliyyələşdirilməsinə 444 mln. avro ayırıb", - deyə məlumatda bildirilir.
Xüsusilə bu il bank Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin maliyyələşdirilməsinə $500 mln. kredit ayırıb. Kredit üzrə benefisiar “Cənub qaz dəhlizi” QSC-dir, vəsaitlər Azərbaycan hökumətinin zəmanəti ilə verilir.
1992-2017-ci illərdə AYİB Azərbaycanda 163 layihənin maliyyələşdirilməsinə 2,875 mlrd. avro ayırıb.
31 oktyabr 2017-ci il tarixinə bankın Azərbaycanda həyata keçirilən layihələr üzrə cari portfeli 1 mlrd. 225 mln. avro təşkil edir ki, bunun 29%-i infrastruktur layihələrə, 62%-i energetika, 5%-i sənaye və kənd təsərrüfatı sahələrinə yönəldilib, daha 4%-i isə respublikanın maliyyə institutlarına verilmiş kredit resursları təşkil edir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür.*
A.Əzizov