Prezident İlham Əliyev başa çatmaqda olan 2017-ci ili Azərbaycan üçün uğurlu hesab edir. Bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.
«Biz bu ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb. Budur, əsas iqtisadi göstəricilərimiz”, - deyə o, bu gün Sumqayıt Kimya Sənaye Parkında bildirib.
Prezidentin sözlərinə görə, valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir.
İ.Əliyev Sumqayıtı Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəri adlandırıb.
O əlavə edib ki, Sumqayıtda ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, qeyri-neft məhsullarının idxalından asılılığı aradan götürəcək. «Bu gün siqaret fabrikinin təməli qoyulub. Daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.*
R.Babayev