Azərbaycan 5 ölkə - Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adaları Respublikası ilə hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlər imzalamağı planlaşdırır. Bu barədə Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilir.
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Kolombo şəhərində (Şri-Lanka) hava əlaqəsinə dair çoxtərəfli danışıqların aparılması üzrə 10-cu konfransında iştirak edib.
“Azərbaycanın nümayəndə heyəti 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adaları Respublikasından olan nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlərin mətnləri razılaşdırılıb”, - məlumatda qeyd olunur.
Türkiyə, Belarus və Qazaxıstanı təmsil edən nümayəndə heyətləri ilə hava yollarının istismarı üzrə danışıqlar aparılıb. **
A.Əzizov