Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə MBNP-nin məlumatında deyilir.
Sənədi MBNP-nin baş icraçı direktoru İbrahim Alışov və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəis müavini Azər Əhədov imzalayıb.
Əməkdaşlıq çərçivəsində agentlik tərəfindən İT təhlükəsizliyi sahəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına texniki dəstəyin göstərilməsi, daxili informasiya təhlükəsizliyi siyasətinin formalaşdırılması, İT təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin keçirilməsi istiqamətlərində əməkdaşlıq nəzərdə tutulur.
Bütövlükdə MBNP Azərbaycanın bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq hallarının qarşısının alınması, İT təhlükəsizliyinin təmin edilməsi və maliyyə sektorunun əməkdaşlarının İT təhlükəsizliyi sahəsində bilik səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirləri gücləndirəcək.
Sadalanan istiqamətlər üzrə birgə əməkdaşlıq sayəsində maliyyə bazarlarının iştirakçıları yarana biləcək təhlükələrdən daim mühafizə olunacaq, bunun da nəticəsində vətəndaşlar təhlükəsiz maliyyə xidmətlərindən faydalana biləcəklər.*
A.Əzizov