Yaxın vaxtlarda Azərbaycanda hərbi məhsulların istehsalı üzrə iki yeni zavod açılacaq. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.
«Yaxın zamanlarda 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir.*
R.Babayev