2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 206,2 mln. ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-noyabr aylarında qeyri-neft yük daşımalarının həcmi 3,5% - 156,6 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 81,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2017-ci ilin yanvar-noyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,2% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 13 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 7,1% azdır.
Cari ilin 11 ayı ərzində dəniz nəqliyyatı ilə 7 mln. 466,1 min ton (artım 44,6%), avtomobil nəqliyyatı ilə 132,13 mln. ton (artım 2,1%), hava nəqliyyatı ilə 153 min ton (artım 7,3%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 39 mln. 127,1 min ton neft (azalma 2,8%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 78,9%-i və ya 30 mln. 862,1 min ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb. 2017-ci ilin yanvar-noyabr aylarında BTC neft kəməri ilə 5 mln. 877,2 min ton tranzit nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
N.Abbasova