2017-ci ilin yanvar-oktyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 43 mln. 201,5 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 4,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
TRACECA çərçivəsində yüklərin 10 mln. 690,6 min tonu və ya 24,7%-i dəmir yolu nəqliyyatı, 26 mln. 556,6 min tonu və ya 61,5%-i avtomobil nəqliyyatı, 5 mln. 954,3 min tonu və ya 13,8 %-i dəniz nəqliyyatının payına düşüb.
Yanvar-oktyabr aylarında TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 8 mln. 180,5 min ton və ya 18,9% tranzit yüklərin payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova