Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanla ikitərəfli xarici ticarət dövriyyəsinin həcmini qənaətbəxş hesab etmir.
«Hesab edirəm ki, Həştərxan vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi daha böyük potensiala malikdir», - deyə o, bu gün Bakıda Həştərxan Biznes Mərkəzinin inşa olunacağı ərazidə xatirə kapsulunun qoyulması mərasimində bildirib.
Qubernatorun mətbuat xidmətindən verilən məlumata görə, o qeyd edib ki, bu mərkəz Rusiyanın sənaye və ərzaq mallarının Azərbaycan bazarına tədarük həcminin artırılmasına, eləcə də Bakı və Həştərxan arasında dəniz yolu ilə müntəzəm yük daşımalarının inkişafına şərait yaradacaq.
Cari ilin 11 ayının yekunlarına əsasən Həştərxan vilayətinin Azərbaycanla xarici ticarətinin bütün göstəriciləri üzrə artım qeydə alınıb. "Xarici ticarət dövriyəsi 2016-cı illə müqayisədə 4 dəfə artaraq $16 mln. təşkil edib. Həştərxandan Azərbaycana az çeşiddə mal - gəmiqayırma məhsulları, portlandsement, balıq və unüyütmə sənayesi məhsulları gətirilir. Azərbaycan isə vilayətə qara metaldan hazırlanan məmulatlar, balıq məhsulları və s. tədarük edir", - deyə məlumatda qeyd olunur.*
R.Babayev