2019-cu ildə Azərbaycan əhalisinin sayı 10 mln. nəfərə çatacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
«2019-cu ildə Azərbaycan əhalisinin sayı 10 mln. nəfərə çatacaq», - deyə o, bu gün “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” adlı konfransda bildirib.
Nazirin sözlərinə görə, 2006-2016-cı illərdə əhalinin orta illik artımı 1,3% təşkil edib.
«Bu dövrdə əhalinin sayı 14,7% artaraq 1 yanvar 2017-ci il tarixinə 9,8 mln. nəfərə çatıb. 2017-ci il noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 9 mln. 883,3 min nəfər yaşayır», - deyə S.Müslümov qeyd edib.
O əlavə edib ki, qadınlar ölkə əhalisinin 50,1%-ni təşkil edir.
«Vətəndaşların orta yaşı 32,3 ildir. 2017-ci il yanvarın 1-nə olan məlumata görə, 0-14 yaşda olanların xüsusi çəkisi 22,6%, 14-29 yaşda olanların xüsusi çəkisi 25%, 30-64 yaşda olanların xüsusi çəkisi 46,1%, 65 və yuxarı yaşda olanların xüsusi çəkisi 6,3% təşkil edib», - deyə nazir vurğulayıb.*
R.Babayev