SOCAR (ARDNŞ) və Norveçin “Statoil” şirkəti Xəzər dənizində bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü və “Qarabağ” neft yatağının işlənməsi sahəsində əməkdaşığa dair razılığa gəliblər. Bu barədə SOCAR-dan məlumat verilir.
“Çərşənbə günü SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk arasında görüş olub. Görüşün yekunlarına dair tərəflər perspektivli əməkdaşlığın əsas prinsipləri haqqında müqavilələr imzalayıblar”, - məlumatda deyilir.
Xüsusilə, sazişlərin birində Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları əks olunub.
İkinci sənəddə “Qarabağ” neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəaları nəzərdə tutulur.
İmzalanan sazişləri şərh edən R.Abdullayev qeyd edib ki, əsas prinsiplərin imzalanması “Azərbaycan iqtisadiyyatına yeni dəyər qazandıracaq gələcək layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır”. O həmçinin vurğulayıb ki, bu istiqamətdə aparılmış işlərin qısa zaman ərzində yekunlaşması üçün müvafiq tədbirlər görülməlidir.
Məlumatda qeyd olunur ki, “Qarabağ” neft yatağı və digər perspektiv sahələrdə planlaşdırılan işlər “Azərbaycanda neft hasilatının sabit saxlanılması, qaz hasilatının artırılması baxımından mühüm əhəmiyyətə malik layihələr kimi qiymətləndirilir”.**
N.Abbasova