Yaxın 8 il ərzində Azərbaycan gəncləri işə düzəlmə ilə bağlı problemlə üzləşə bilər. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə hesab edir.
"2025-ci ilədək olan dövrdə Azərbaycanda gənclərin işə düzəlməsi ilə bağlı problemlər müşahidə oluna bilər", - deyə o, bu gün "Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" adlı konfransda vurğulayıb.
Nazirin sözlərinə görə, bu problemin həlli üçün daha çox iş yeri açılmalıdır.
"2003-2017-ci illərdə Azərbaycanda 1,9 mln. yeni iş yeri açılıb, bunun 1,4 mln.-u və ya 74%-i daimi iş yeri olub. 2025-ci ilədək ölkədə daha 450 min yeni iş yerinin açılması planlaşdırılır ki, bu da hər il orta hesabla 50 min iş yeri deməkdir", - deyə S.Müslümov qeyd edib.
Nazir bildirib ki, 2017-2025-ci illərdə 18 yaşa çatmış gənclərin sayı açılan iş yerlərinin sayından 2,5 dəfə çox olacaq.
"2025-ci ilə qədər hər il 125,2 min nəfər 18 yaşa çatacaq. Bu dövrdə orta hesabla hər il 100 min gənc ilk dəfə işə düzələcək", - deyə S.Muslümov vurğulayıb.
O, həmçinin əmək qabiliyyətli yaşda olan gənclərin xüsusi çəkisinin artdığını da diqqətə çatdırıb. "Əmək qabiliyyətli əhali arasında gənclərin xüsusi çəkisi 2000-ci ildən 2017-ci ilədək 59,5%-dən 68,4%-ə qədər artıb", - deyə nazir əlavə edib.*
R.Babayev