2018-ci ilin yazında Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılacaq. Bu barədə Həştərxan vilayətinin qubernatorunun saytında məlumat verilir.
“Həştərxanın mərkəzində - Bakı küçəsində Azərbaycan Biznes Mərkəzinin tikintisi demək olar ki, başa çatıb. Bu, Heydər Əliyev Fondunun növbəti layihəsidir. Tikinti sahəsi təqribən 5 min kv. metrdir. Beşmərtəbəli binada sərgi salonu, konfrans zalı, ofislər, mini otel yerləşəcək. Bina işgüzar görüşlərin təşkili, danışıqlar və sövdələşmələrin aparılması üçün rahat yerə çevriləcək. 2018-ci ilin yazında Azərbaycan Biznes Mərkəzinin açılışı planlaşdırılır”, - vilayətin qubernatoru Aleksandr Jilkin qeyd edib.
Çərşənbə axşamı Bakıda Həştərxan Biznes Mərkəzinin tikinti yerində xatirə kapsulunun təməlqoyma mərasimi keçirilib.
“Həştərxanın mal istehsalçılarının məhsullarının təqdim olunacağı Həştərxan Biznes Mərkəzinin inşası daha bir önəmli birgə layihədir. Həştərxan və Azərbaycan arasında intensiv ticarət əlaqələrinə 450 il əvvəl başlanılıb”, - qubernator vurğulayıb.
Bakıda bu cür mərkəzin fəaliyyəti Rusiya sənaye və ərzaq mallarının Azərbaycan bazarına tədarükünü artırmağa şərait yaradacaq. Bundan başqa, bu, Bakı və Həştərxan arasında müntəzəm dəniz yükdaşımalarının inkişafına imkan verir.
“Həştərxan və Bakıdakı Mərkəzlərin biri-biri ilə sıx kooperasiyada fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Əminəm ki, bu cür birgə fəaliyyət işgüzar tərəfdaşlığın genişləndirilməsinə yeni təkan verəcək”, - A.Jilkin vurğulayıb. **
A.Əzizov